Bakı.Trend:
Yunanıstanın paytaxtı Afinanın mərkəzində “Hellenic Train” dəmiryolları şirkətinin ofisi yaxınlığında gecə saatlarında partlayış baş verib.
Trend BBC-yə istinadən xəbər verir ki, partlayıcı qurğu nəzarətsiz qalan bel çantasının içində olub.
Bomba təhlükəsi ilə bağlı hüquq-mühafizə orqanlarına öncədən anonim xəbərdarlıq verildiyindən, hadisə yerinə gələn polis yaxın çevrəni mühasirəyə alıb və partlayıcını idarəolunan detonasiya yolu ilə zərərsizləşdirib.
Ölən və yaralıların olmadığı bildirilir.
Yunanıstanın nəqliyyat naziri Kristos Staykuras bunu terror hücumu kimi yox, insanların həyatını təhlükəyə atan “cinayət aktı” kimi qiymətləndirib.
İçində partlayıcı olan çantanın küçəyə kim tərəfindən qoyulduğu araşdırılır.