Bakı. Trend:
140-dan çox jurnalist, o cümlədən, “Politico”, “The Guardian”, “Le Monde” və “Financial Times” nəşrlərinin əməkdaşları Avropa İttifaqının ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə ali komissarı Maroş Şefçoviçə Aİ-nin şəffaflıqla bağlı qanununa riayət etməyi tələbə edən kollektiv məktub göndərib.
Trend xəbər verir ki, məktubun mətnini “Politico” dərc edib.
“Sənədlərə çıxış Avropa İttifaqının qanunverici, tənzimləyici və inzibati funksiyalarını öyrənməkdə mətbuat üçün əsas alətlərdən biridir. Lakin son illərdə bu öhdəliklərin praktiki tətbiqi ciddi çətinliklərlə üzləşir. Avropa Ombudsman İnstitutunun qeyd etdiyi bu çatışmazlıqlar Avropa qanunvericiliyində təsbit olunmuş şəffaflıq və hesabatlılıq prinsiplərini sarsıdır”, – deyə məktubda bildirilir.
Sənədlərə çıxış üçün müraciətlərin baxılması müddətinin uzun olması əsas problem kimi göstərilir. Avropa Ombudsman İnstitutunun məlumatına görə, müraciətlərin 60%-də baxılma müddəti qanunla müəyyən edilmiş 15 iş gününü ötüb, bəzən bu müddət 60 iş gününü keçib və bəzi hallarda Avropa Komissiyasına (AK) sorğuya cavab hazırlamaq üçün bir ildən çox vaxt lazım gəlib.