Bakı. Trend:
Birləşmiş Ərəb Əmirlikləri akkreditasiyadan keçmiş tibbi müəssisələrinin sayına görə dünyada birinci yeri tutub və səhiyyə sahəsində dünya liderlərindən biri kimi mövqeyini möhkəmləndirib.
Trend xəbər verir ki, rəsmi məlumatlara əsasən, 2025-ci ildə BƏƏ səhiyyə sahəsi üzrə 21 göstərici üzrə dünyanın ən yaxşı on ölkəsi sırasına daxil olub, ölkənin səhiyyə sisteminin keyfiyyəti regionda ən yüksək səviyyədə tanınıb və qlobal miqyasda 20-ci yeri tutub.
Bu uğurlar strateji investisiyalar sayəsində mümkün olub. Belə ki, 2025-ci il üzrə büdcədə səhiyyənin inkişafı və xəstəliklərin profilaktikası üçün 5,745 milyard dirhəm (büdcənin 8 faizi) ayrılıb.
Proqnozlara görə, BƏƏ-də səhiyyəyə çəkilən xərclər 2029-cu ilə qədər təxminən 151 milyard dirhəmə çatacaq ki, bu da orta illik 6,7 faiz artım deməkdir. 2027-ci ilə qədər dövlət bu sahəyə ümumilikdə 118 milyard dirhəm investisiya yatırmağı planlaşdırır.