Bakı. Trend:
Böyük Britaniya hökuməti Avropada yayılan dabaq xəstəliyinə qarşı tədbir olaraq Avropa İttifaqı (Aİ) ölkələrindən pendir və ət məhsullarının ölkəyə gətirilməsinə müvəqqəti qadağa tətbiq edib.
Trend-in BBC-yə istinadla verdiyi məlumata görə, şənbə günündən qüvvəyə minən yeni qaydalara əsasən Aİ ölkələrindən Britaniyaya səyahət edən şəxslər kolbasa, pendir və bu məhsullarla hazırlanmış sendviçləri, istər qablaşdırılmış, istərsə də açıq formada olmaqla özləri ilə gətirə bilməyəcəklər. Qadağa “duty free” mağazalarından alınan məhsulları da əhatə edir.
Bu qərar Almaniya, Macarıstan, Slovakiya və Avstriyada dabaq xəstəliyi hallarının artması fonunda həmin ölkələrdən gələn ət və süd məhsullarına qarşı əvvəlki qadağaların genişləndirilməsi çərçivəsində qəbul olunub.
Məhdudiyyətlər yalnız İngiltərə, Şotlandiya və Uelsə aid edilir və Şimali İrlandiyanı əhatə etmir.
Qanunu pozaraq bu məhsulları ölkəyə gətirməyə çalışan şəxslərin ərzaqları müsadirə edilərək məhv olunacaq. Ağır hallarda isə 5 min funt-sterlinqədək cərimə nəzərdə tutulur.