Bakı. Trend:
Özbəkistanın “Uzcosmos” Kosmik Tədqiqatlar və Texnologiyalar Agentliyinin nümayəndələri ABŞ-ın Los-Anceles şəhərində “SpaceX” şirkəti ilə danışıqlar keçiriblər.
Trend xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı Yaponiyanın Kyuşu Texnologiya İnstitutunda təhsil alan özbək mühəndisləri tərəfindən hazırlanacaq elmi-texnoloji peykin “SpaceX” raketi ilə buraxılması məsələsi müzakirə olunub.
“ABŞ səfəri çərçivəsində ən vacib görüşlərdən biri kosmik bazarın aparıcı şirkətlərindən biri olan ‘SpaceX’in Los-Ancelesdəki ofisinə baş çəkmək olub”, – deyə məlumatda bildirilir.
Bundan əlavə, “Uzkosmos”un mütəxəssisləri tərəfindən hazırlanmış peyk ötürücü sistemlərinin layihələndirilməsi, inkişafı, sınaqdan keçirilməsi və kommersiyalaşdırılması sahəsində mövcud texnologiyalar və mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.