Bakı. Trend:
Son bir ay ərzində Avstraliyanın Viktoriya ştatında yerləşən Maunt Ekls (Buc Bim) milli parkında keçirilmiş “planlı” tədbir zamanı snayperlər helikopterlərdən atəş açaraq təxminən 750 koalanı öldürüblər.
Trend xəbər verir ki, aksiya hakimiyyətin göstərişi ilə, təbiəti mühafizə orqanlarının rəhbərliyi altında həyata keçirilib.
Rəsmilərin açıqlamasına görə, bu addım yanvarda 2 min hektara yaxın ərazini məhv etmiş meşə yanğınından sonra vəziyyəti ağır olan heyvanların ağrısız şəkildə öldürülməsi məqsədi daşıyıb. Bildirilib ki, həmin koalaların çoxu ciddi yaralanmış, aclıq və susuzluqdan ölmək üzrə imiş.
Lakin bu tədbir ölkədə geniş ictimai narazılıq yaradıb. Heyvan müdafiəçiləri və hüquq müdafiəçiləri bildiriblər ki, helikopterlərdən aparılan müşahidə heyvanların vəziyyətini dəqiq qiymətləndirməyə imkan vermir və nəticədə tamamilə sağ qalma şansı olan fərdlər də öldürülə bilər. Onlar həmçinin yetkin koalaların məhv edilməsinin balalarının da həyatını riskə atdığını vurğulayıblar.
Xatırladaq ki, koalalar Avstraliyada artıq rəsmi şəkildə nəsli kəsilməkdə olan növlər siyahısına daxil edilib. Bu cür tədbirlərin onların populyasiyasına daha ciddi zərbə vuracağından narahatlıq artır.