Bakı. Trend:
ABŞ administrasiyasının bəzi yüksək vəzifəli şəxsləri narahatdır ki, Prezident Donald Trampın Yaxın Şərq ölkələrinə böyük həcmdə yüksək texnologiyalı çiplərin satışına icazə vermək istəyi, bu çiplərin bir hissəsinin Çin ərazisində qalması ilə nəticələnə bilər.
Trend xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Bloomberg-in mənbələrinə görə, ABŞ administrasiyasında Çinə qarşı sərt mövqe tutan bəzi nümayəndələr Pekinin Yaxın Şərq ölkələri ilə möhkəm əlaqələrini əsas gətirərək, satılan çiplərin yenidən Çin bazarına daxil olacağından ehtiyatlanırlar.
Agentlik qeyd edir ki, ABŞ-nin Səudiyyə Ərəbistanı və BƏƏ ilə imzaladığı müqavilələrdə Çinə çip ixracının qadağan olunması nəzərdə tutulur, lakin hələlik bu sənədlər tam rəsmi şəkildə kağıza köçürülməyib. Eyni zamanda, Vaşinqton Yaxın Şərqə çip tədarük sürətini azaldaraq nəzarəti gücləndirməyi də düşünür.
Ümumilikdə, ABŞ administrasiyasının nümayəndələri süni intellekt texnologiyaları üçün istifadə edilən çiplərin xaricə ixracını milli təhlükəsizlik üçün risk hesab edir. Digər tərəfdən isə, çip ixracının tərəfdarları bildirirlər ki, ABŞ-nin çip satışını məhdudlaşdırması halında, Çin texnologiyaları həmin bazarda üstünlük qazanacaq.
Qeyd olunur ki, Trampın planına əsasən, Nvidia şirkətindən BƏƏ-yə 1 milyondan çox yüksək texnologiyalı çip tədarükünə icazə veriləcək. Bu çiplərin bəzisi BƏƏ-nin aparıcı süni intellekt şirkəti G42-yə çatdırıla bilər.