Bakı. Trend:
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) mühərriklərdən birində yaranan problem üzündən kosmosa tədqiqat peyki göndərmək üçün raket buraxa bilməyib.
Trend xəbər verir ki, bu barədə təşkilatın rəhbəri V. Narayyan brifinqdə məlumat verib.
O bildirib ki, PSLV-C61 EOS-09 missiyası çərçivəsində Şriharikotadan 101-ci buraxılış planlaşdırılırdı. PSLV dörd mərhələli raketdir və ikinci mərhələyə qədər performans normal olub. Üçüncü mərhələ mühərriki yaxşı işə başlayıb, lakin yanma zamanı missiyanın tamamlanmasına mane olan problemlər müşahidə edilib.
Narayyanın sözlərinə görə, mühərrik korpusunda təzyiq aşağı düşüb və hazırda hadisənin səbəbləri araşdırılır. O, ən qısa zamanda nəticələrlə geri dönəcəklərini qeyd edib.
Qeyd edək ki, EOS-09 Yerin müşahidə peykidir və istənilən hava şəraitində, gündüz və gecə görüntüləri çəkə bilir. Bu peykin məlumatları kənd təsərrüfatı, meşə təsərrüfatı, şəhərsalma, milli təhlükəsizlik və fəlakətlərin aradan qaldırılması sahələrində istifadə olunur.