Bakı. Trend:
Portuqaliyada bazar günü son iki ildə üçüncü dəfə növbədənkənar parlament seçkiləri keçirilir.
Trend-in Associated Press-ə istinadən verdiyi məlumata görə, səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və axşam saat 20:00-da başa çatacaq.
Seçki məntəqələri bağlandıqdan dərhal sonra ilkin ekzitpol nəticələrinin dərc olunacağı, yekun nəticələrin isə gecəyarısına qədər açıqlanacağı gözlənilir.
İctimai rəy sorğuları göstərir ki, bu seçkilərdən sonra ölkədə yenidən azlıq hökumətinin formalaşması mümkündür. Belə ki, Sosial-demokrat partiyası və onun müttəfiqi olan Demokratik və Sosial Mərkəz – Xalq Partiyası alyansı reytinqlərdə müxalif Sosialist partiyasını az fərqlə qabaqlasa da, parlamentdə hökumət qurmaq üçün tələb olunan 116 yeri əldə etməsi ehtimal olunmur.
Ekspertlərin fikrincə, ölkədə son illər yaşanan idarəetmə problemləri və korrupsiya qalmaqalları seçicilərin diqqətini yeni siyasi alternativlərə yönəldib. Bu fonda ultrasağçı “Chega” (“Bəsdir!”) partiyası miqrasiya ilə bağlı sərt vədləri ilə ciddi dəstək qazanaraq, parlamentdə güclü mövqe tutmağa yaxınlaşır. Partiya əvvəlki seçkilərdə 50 deputatla parlamentdə üçüncü yerə çıxmışdı.
Qeyd edək ki, növbədənkənar seçkilərə keçmiş Baş nazir, Sosial-demokrat partiyasının lideri Luiş Monteneqrunun mart ayında hökumətinə qarşı irəli sürülən etimadsızlıq votumu səbəb olub. O, maraqlar toqquşmasında ittiham olunsa da, iddiaları rədd etmiş və istefa verdiyini bəyan etmişdi. Hazırda Monteneqru yenidən hakimiyyətə qayıtmaq uğrunda mübarizə aparır.