Bakı. Trend:
ABŞ-nin Las-Veqas şəhərində tanınmış jurnalist və frilans yazıçı Metyu Kelemanın meyiti zibil konteynerindən tapılıb.
Trend xəbər verir ki, bu barədə The Guardian qəzeti yerli polisə istinadla məlumat yayıb.
Hadisə şəhər sakinlərinin konteynerdən gələn kəskin qoxu ilə bağlı şikayəti əsasında üzə çıxıb. Polis konteyneri yoxladıqda içəridə 56 yaşlı jurnalistin qalıqlarını aşkarlayıb.
İlkin araşdırmalara əsasən, hüquq-mühafizə orqanları jurnalistin qətli ilə bağlı onun 63 yaşlı qonşusunu şübhəli şəxs kimi müəyyənləşdirib. Lakin həmin şəxsin polis patrulunun təqibi zamanı baş verən yol-nəqliyyat qəzasında həyatını itirdiyi bildirilib. Eyni zamanda, qəzanın Kelemanın ölümü ilə birbaşa əlaqəsi olmadığı qeyd olunub.
Mərhumun bacısı bildirib ki, Keleman yaşadığı evi – daha dəqiqi,
şübhəli şəxsin də kirayə qaldığı otaqları – tərk etməyə
hazırlaşırmış:
"Orada yaşamaq onun üçün çox çətin idi. Qonşusunu isə daim qəribə
biri kimi təsvir edirdi", – deyə bacısı əlavə edib.
Qeyd edək ki, Metyu Keleman 2003-cü ildən Las-Veqasda yaşayırdı. O, “944” və “City Life” kimi jurnallarda mütəmadi yazılarla çıxış edib. Son 20 il ərzində isə “Las Vegas Weekly” başda olmaqla, müxtəlif nüfuzlu nəşrlər üçün film resenziyaları, reportajlar və məqalələr qələmə alıb.