Bakı. Trend:
Çexiyanın hakim koalisiyasının aparıcı gücləri – “Birlikdə” alyansının əsas partiyası olan Demokratik Vətəndaş Partiyası və tərəfdaş “Rəhbərlər və Müstəqillər” (STAN) hərəkatı – hökumət çərçivəsində əməkdaşlığı payızda keçiriləcək parlament seçkilərinədək davam etdirmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə qərar “kriptovalyuta qalmaqalı”nın müzakirəsindən sonra açıqlanıb. Qalmaqal ədliyyə nazirinin dəyişdirilməsi ilə nəticələnib.
Demokratik Vətəndaş Partiyasının lideri və Baş nazir Petr Fiala Nazirlər Kabinetində hər hansı struktur dəyişikliyi planlaşdırılmadığını bildirib. Onun sözlərinə görə, ədliyyə naziri tərəfindən bitkoin şəklində bir milyard kron məbləğində vəsaitin qəbul olunması ilə bağlı bütün hallar dərindən araşdırılacaq.
STAN hərəkatının rəhbəri Vit Rakuşan isə qeyd edib ki, partiyası hökumətin istefasına çalışmır və məqsədləri vəziyyəti konstruktiv şəkildə nizamlamaqdır. “Bu dəfə ötən il Pirat Partiyası ilə baş verənlərdən fərqli olaraq hökuməti tərk etmək niyyətində deyilik”, – deyə o vurğulayıb.
Baş nazir Fiala həmçinin bəyan edib ki, Ədliyyə Nazirliyinin qanunsuz silah saxlamaq, oğurluq və narkotik vasitələrin dövriyyəsi kimi cinayətlərdə ittiham olunan biznesmen Tomaş İrjikovskidən bitkoin şəklində vəsait qəbul etməsi ilə bağlı məsələ şəffaf şəkildə araşdırılacaq. Hakim koalisiyanın əsas partiyaları bu qalmaqalın hərtərəfli araşdırılmasına və ictimai etimadın bərpa olunmasına sadiq qaldıqlarını bildiriblər.