Bakı. Trend:
May ayında müşahidə olunan rekord yüksək hava temperaturu Qrenlandiyada buz təbəqəsinin ərimə prosesini orta göstəricidən 17 dəfə sürətləndirib.
Trend xəbər verir ki, bu barədə beynəlxalq iqlim təşkilatı World Weather Attribution (WWA) məlumat yayıb.
Təşkilatın hesabatında qeyd olunur ki, mayın 15-dən 21-dək ərzində buz təbəqəsinin əriməsi bu dövr üçün adi səviyyəni dəfələrlə aşıb.
Klimatoloqlar hesab edirlər ki, bu anormal artıma səbəb bölgədə qeydə alınan nadir isti hava şəraiti olub. Mütəxəssislər illərdir peyk vasitəsilə müşahidə etdikləri məlumatlara əsaslanaraq bildirirlər ki, Qrenlandiyada buzlaqların ərimə sürəti əsrin əvvəlindən bu yana dörd dəfə artıb. Bu müddət ərzində ada ümumilikdə 5 trilyon ton buz kütləsini itirib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, temperatur artımı davam etdikcə, yay aylarında Qrenlandiyanın buz təbəqəsindən milyardlarla ton ağırlığında nəhəng aysberqlər qopur, bu isə qlobal dəniz səviyyəsinin artmasına və iqlim tarazlığının pozulmasına səbəb ola bilər.