Astana. Trend:
Qazaxıstanın “Air Astana” hava yolları şirkəti İranın və İraqın hava məkanından yan keçəcək.
Trend xəbər verir ki, bu barədə şirkət öz “Telegram” kanalında məlumat yayıb.
“Air Astana” qrupu İran və İraq hava məkanının bağlanması ilə əlaqədar olaraq “Air Astana” və “FlyArystan” aviaşirkətlərinin bəzi müntəzəm və çarter reyslərinin marşrutlarında dəyişikliklər barədə müştərilərə məlumat verir. Şarm-əl-Şeyx, Dubay, Doha, Manama və Mədinəyə həyata keçirilən reyslər İran və İraq hava məkanından yan keçməklə icra olunacaq.
“Air Astana” vəziyyəti diqqətlə izləyir və əlavə dəyişikliklər barədə məlumat verəcək.
Sərnişinlərdən xahiş edirik ki, uçuşların statusunu yoxlasınlar, çünki təyinat hava limanlarına uçuş və eniş vaxtlarında dəyişikliklər ola bilər”, – deyə aviaşirkətin bəyanatında qeyd olunub.
Xatırladaq ki, iyunun 12-dən 13-nə keçən gecə İsrailin Hərbi Hava Qüvvələri İran ərazisinə hava zərbələri endirib. İsrailin müdafiə naziri İsrael Kats ölkə üzrə fövqəladə vəziyyət elan edib.