Bakı. Trend:
İranla İsrail arasında gərginlik davam edəcəyi təqdirdə neftin qiyməti bir barel üçün 150 ABŞ dollarını ötə bilər.
Bu barədə Trend Niderlandın ING bank qrupunun analitiklərinə istinadən xəbər verir.
Bu gün səhər saatlarında İsrailin İranda yerləşən nüvə və hərbi obyektlərə aviazərbələr endirməsi ilə bağlı xəbərlərdən sonra neftin qiyməti 7%-dən çox artıb. ING-nin hesabatında qeyd olunur ki, Yaxın Şərqdə gərginliyin kəskin artması qlobal enerji bazarlarında geosiyasi riskləri əhəmiyyətli dərəcədə yüksəldib.
Analitiklər vurğulayırlar ki, əvvəlki hücumlardan fərqli olaraq, bu dəfə İranın nüvə obyektləri də hədəfə alınıb. Bu isə vəziyyətin daha da kəskinləşməsinə səbəb olur və Tehranın mümkün cavab zərbəsi ilə bağlı narahatlığı artırır.
“Bu ciddi eskalasiyadır. Bu, yalnız qeyri-müəyyənliyi dərinləşdirəcək və regionda enerji tədarükündə fasilələr riskini yüksəldəcək”, – deyə ING qeyd edir.
Təchizatda fasilələr riski
ING-nin məlumatına görə, İran hazırda günə təxminən 3,3 milyon barel neft hasil edir, bunun 1,7 milyon bareli ixrac olunur. Analitiklərin fikrincə, münaqişə uzanarsa və hücumlar hasilat və nəqliyyat infrastrukturuna təsir edərsə, bu tədarükün pozulması ehtimalı yüksəkdir.
Belə fasilələr neft bazarındakı mövcud balansı dəyişə bilər – ilin ikinci yarısında artıq defisitə çevrilə bilər. İran ixracatının qismən itirilməsi belə Brent markalı neftin qiymətini 80 dollara qədər yüksəldə bilər, baxmayaraq ki, digər tədarükçülərin reaksiyasından asılı olaraq qiymətlər daha sonra 75 dollar ətrafında sabitləşə bilər.
Hörmüz boğazı diqqət mərkəzində
Xüsusi narahatlıq doğuran məsələ isə Hörmüz boğazından keçən su nəqliyyatının pozulması ehtimalıdır. Bu, dünya üzrə dəniz yolu ilə neft ticarətinin təxminən üçdə birinin (gündəlik 14 milyon barel) həyata keçirildiyi əsas nəqliyyat arteriyasıdır.
ING-nin qiymətləndirməsinə görə, münaqişənin eskalasiyası halında Brent markalı neftin qiyməti bir barel üçün 120 dollara çata bilər. Əgər vəziyyət daha da pisləşərsə, qiymət 2008-ci ildəki rekord səviyyəni – yəni 150 dolları da keçə bilər.
Sıxılmış təbii qaz (STQ) bazarı da təhdid altındadır. Dünyada STQ ticarətinin təxminən 20%-ni həyata keçirən Qətər ixracı yalnız Hörmüz boğazı vasitəsilə həyata keçirir. “Alternativ marşrut yoxdur”, – deyə analitiklər xəbərdarlıq edirlər. Boğazın bağlanması STQ tədarükünü ciddi şəkildə azalda və Avropada qaz qiymətlərini kəskin şəkildə artıra bilər.
Mümkün cavab tədbirləri
Bazar defisiti şəraitində ölkələrin strateji neft ehtiyatlarından istifadə edilə bilər. ABŞ-nin 400 milyon bareldən çox strateji ehtiyatı var və bazarın sabitləşdirilməsi üçün bu ehtiyatların əlaqələndirilmiş şəkildə buraxılmasına başçılıq edə bilər.
Bundan əlavə, OPEC-in gündəlik 5 milyon barel həcmində ehtiyat hasilat gücü mövcuddur. Lakin ING qeyd edir ki, bu ehtiyat güclərin əsas hissəsi də İran körfəzi bölgəsində cəmləşib və Hörmüz boğazında təchizat pozularsa, bu güclərin istifadəsi də çətinləşə bilər.
ING analitikləri belə bir qənaətə gəliblər ki, əgər Hörmüz boğazı ilə nəqliyyat uzunmüddətli təhlükə altında qalarsa, dünya ictimaiyyəti bu strateji əhəmiyyətli marşrut üzrə enerji tədarükünün təhlükəsizliyini təmin etmək üçün əlaqələndirilmiş tədbirlər görəcək.