Bakı.Trend:
Artıq yay turizm sezonu başlanır. Hər il olduğu kimi bu il də mövsümlə əlaqədar turizm regionlarında canlanma və qiymət artımı müşahidə olunur.
Turizm eksperti Rəhman Quliyev Trend-ə bildirib ki, artıq yay tətili günləri başlayır və vətəndaşlar bölgələrə səfər edirlər:
“Qonaqlar xüsusilə də şimal istiqamətinə üz tuturlar. Quba-Qusar istiqaməti həmişəki kimi trend olaraq qalır. İsmayıllı, Qax, Şəki, Zaqatala, Balakən bölgəsində yeni yolların qurulması bu istiqamətdə hərəkət zamanı müəyyən çətinlik yaradır”.
“Hesab edirəm ki, Qarabağ bölgəsinə də getməyə əvvəlki illərə nisbətən daha çox maraq var. Qarabağ bölgəsində turizm coğrafiyası daha da genişləndirilib. Bəzi məhdudiyyətlər aradan qaldırılsa da hələ də portal vasitəsilə gediş-gəliş etmək mümkündür. Ümumi olaraq əvvəlki illərə nisbətən bölgələrimizə gedən turistlərin sayında artım müşahidə olunur”-R.Quliyev qeyd edib.
Ekspert deyib ki, pandemiyadan əvvəl qonşu ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı daha çox idi:
“Çünki sərhəd keçid vasitəsilə qonşu ölkələrə, Gürcüstana yaxud Rusiyanın bizə yaxın olan əyalətlərinə gedirdilər. Həmin turist kütləsi bu gün regionlara səfər edir, bu da daxili turizmdə canlanma yaradır. Bu gün pandemiyadan əvvəlki dövrə nəzər salsaq görərik ki, regionlarda yerləşmə sayında böyük fərq var. Bu fərq tələbatdan irəli gəlir. Hesab edirəm ki, bu artım tendensiyası sürətlə inkişaf edəcək. Daxili və xarici turistlər işğaldan azad olunmuş ərazilərə daha çox səfər edəcəklər. Bu gün bizə vacib olan Qarabağ istiqamətində, yəni Şuşa, Laçın, Zəngilan, Kəlbəcər, Xankəndi, Xocavənd, ümumi olaraq bütün rayonlara səfər edilməsini zəruri hesab edirəm. Çünki azad olunan ərazilərə qayıdan vətəndaşlarımızın öz sosial rifahlarını yaxşılaşdırması üçün turistə ehtiyacları var”.
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov isə Trend-ə açıqlamasında qeyd edib ki, Yay mövsümü ilə əlaqədar olaraq tətillərdən sonra daha çox insan regionlara səfərlər edəcəklər:
"Bu da tələbatı qaldırmış olur və qiymətlərə də öz təsirini göstərir. Biz bunu tətil günlərində müşahidə edirik. Amma bir şeyi qeyd etmək lazımdır ki, əvvəlki dövrlərlə müqayisədə qiymətlərin kəskin artımına rast gəlinmir. Çünki bazarda artıq hər il yeni qalma yerləri əlavə olunur, yeni hotellər tikilir".
Ekspert bildirib ki, daha çox kənd evləri, apartmanlar bu qiymətlərlə bağlı məsələdə turistin xeyrinədir:
"Çünki bunlar qiymətlərin artmasının müəyyən qədər qarşısını alır. Getdiyimiz yerdə daha çox qalma yeri təklifi varsa, bu ayrıca bir seçim imkanıdır və bu imkan əsasında da qiymətlərin kəskin artımını müşahidə etmirik. Nəzərə alsaq ki, bu cür artımların sayı çoxdur və ildən-ilə də artır, bu ilki qiymətlər keçən ilkindən çox deyil. Hətta apartman və kənd evlərində hotellə müqayisədə daha uyğun yerlər tapmaq mümkündür. Amma qiymətlərin ümumi fonda başqa mövsümlərlə müqayisədə qalxması isə mövsümdə səyahətlərin sayının çox olması, tələbatın artması ilə əlaqədardır".