Bakı. Trend:
Hindistanda Air India aviaşirkətinə məxsus "Boeing 787-8 Dreamliner" təyyarəsinin qəzaya uğraması zamanı sağ olaraq tapılmış yeganə sərnişin 40 yaşlı Böyük Britaniya vətəndaşı Ramesh Vishvaskumar olub.
Trend xarici mətbuata istinadən xəbər verir ki, Ramesh Vishvaskumar təyyarədə fövqəladə çıxış qapısının arxasında oturub və qəza zamanı tullanaraq xilas olub
Ramesh Vishvaskumar, bu gün qəzaya uğrayan Air India-nın AI171 nömrəli reysindəki 242 sərnişindən biri idi. O, möcüzəvi şəkildə sağ qalıb.
Böyük Britaniya vətəndaşı olan Ramesh, təyyarədə 11A nömrəli oturacaqda - fövqəladə çıxış qapısının birbaşa arxasında oturub.
Qəza anından dərhal sonra çəkilmiş videoda yaralı vəziyyətdə olan Ramesh ambulansa doğru yeriyərkən görünür. Ətrafdakı insanlar ondan digər sərnişinlərin taleyi ilə bağlı soruşurlar. Ramesh isə Gujarati dilində "Təyyarə partladı" deyə cavab verir və əlavə edir:
"Onlar orada, təyyarənin içərisində qalıblar."
Ahmedabad Polis Komissarı GS Malik, ANI xəbər agentliyinə açıqlamasında deyib:
"Polis, 11A nömrəli oturacaqda bir nəfərin sağ qaldığını müəyyən edib. Bu sərnişin hazırda xəstəxanadadır və müalicə olunur. Ölənlərin sayı ilə bağlı dəqiq məlumat verə bilmirik, çünki təyyarə yaşayış məhəlləsinə düşüb. Ölənlərin sayı arta bilər."