Bakı. Trend:
İranın mərkəzində yerləşən İsfahan vilayətində “Şəhid Əhmədi Rövşən” (Nətənz) zənginləşdirmə mərkəzinə müxtəlif xəsarətlər dəyib.
Trend-in məlumatına görə, bu, İranın Atom Enerjisi Təşkilatının bəyanatında bildirilib.
Bəyanata görə, hazırda dəyən xəsarətin qiymətləndirilməsi ilə əlaqədar araşdırmalar aparılır.
Bəyanatda qeyd olunur ki, indiyə qədər Nətənz nüvə mərkəzində işləyən işçilərin ölümü ilə əlaqədar hər hansı məlumat daxil olmayıb.
Bəyanatda deyilir ki, aparılan dəqiq araşdırmalar çərçivəsində hər hansı radiasiya və kimyəvi çirklənmənin obyektdən kənara sızması halının olmadığı müəyyənləşib.
Qeyd edək ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib. Eyni zamanda İran tərəfi İsrailə cavab hücumunun həyata keçiriləcəyini bildirir.