Xankəndi. Trend:
Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilib.
Trend-in yerli müxbiri xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri, Cəbrayıl, Qubadlı, Zəngilan, Ağdərə, Xocalı, Laçın, Kəlbəcər, Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonlarında və Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, eləcə də Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak edib.
Daha sonra iclasda İşçi qrup üzvləri və dəvət olunan digər qurumların nümayəndələri tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri həyata keçirilərkən və yaşıllıqların götürülməsi zamanı ekoloji tələblərin icra vəziyyəti, bu ərazilərdə yaranan tikinti-söküntü tullantılarının səmərəli idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi barədə, yer təkindən istifadə sahəsində görülən işlər, filiz, qeyri-filiz, şirin və termal mineral su yataqlarının, kəhrizlərin mövcud vəziyyəti və onlardan istifadə perspektivləri, bu ərazilərdə ekoloji pozuntuların qarşısının alınması istiqamətində görülən işlər haqqında iclas iştirakçılarına məlumat verilmişdir. İclasda iştirak edən digər qurumların nümayəndələri tərəfindən infrastruktur layihələri həyata keçirilərkən ekoloji icazələrlə bağlı qaldırılan məsələlər və müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi, fəaliyyətin əlaqələndirilməsi məqsədilə Əlaqələndirmə Qərargahı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı məsələlər müzakirə edilib.