Bakı. Trend:
İranın BMT-dəki daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurasının İsrailin İrana hücumu ilə əlaqədar təcili iclas keçirməsini istəyir.
Trend-in məlumatına görə, bu, İranın BMT-dəki daimi nümayəndəliyinin BMT TŞ-yə ünvanladığı məktubda bildirilir.
Qeyd olunur ki, TŞ dərhal iclas keçirməli və İsrailin hücumunu qınayan qətiyyətli mövqe sərgiləməlidir.
Məktubda deyilir ki, İsrail qanunsuz şəkildə İranın nüvə obyektləri, hərbi və qeyri-hərbi obyektlərinə aviazərbələr endirib. Bu isə BMT əsasnaməsi və beynəlxalq hüquq normalarının açıq aşkar pozulmasıdır və beynəlxalq və regional sülhü hədələyir.
"İsrailin hava hücumlarından biri AEBA-nın nəzarətində olan Natanz nüvə obyektinə edilib. Belə mərkəzlərə hücum sivillərin həyatını təhlükəyə atmaqla yanaşı, bölgədə radiasiya və çox təhlükəli hadisənin baş verməsinə səbəb olub. Nüvə obyektlərinə qəsdən hücum nüvə materiallarının fiziki mühafizəsi üzrə konvensiyanın açıq aşkar pozulmasıdır", - deyə məktubda bildirilir.