Bakı. Trend:
bp “Qarabağ” yatağı “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsi ilə bağlı işlənmə konsepsiyası hazırlayacaq.
Bu barədə Trend-ə açıqlamasında “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.
O, bp-nin sözügedən layihələrə qoşulma prosesindən danışıb: “Biz “Qarabağ” yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsi ilə bağlı mövcud müqavilələrə qoşulmuşuq. Yəni, bu müqavilələr var idi və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeganə payçı idi.Biz də müvafiq müqavilələrlə hər iki layihə üzrə 35% pay aldıq. O müqavilələr əsasında hər iki layihənin operatorluğu bp-yə veriləcək. Necə ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”i biz idarə edirik, bu iki layihəni də idarə edəcəyik. Bizim üzərimizə məsuliyyət olaraq SOCAR-la birlikdə hər iki layihə üzrə bundan sonrakı planları hazırlamaq düşür”.
T. Bayatılı vurğulayıb ki, bp ilk növbədə “Qarabağ” yatağı ilə bağlı işlənmə konsepsiyası hazırlamağı planlaşdırır: “Bu konsepsiya əsasında, quyunun qazılıb-qazılmayacağını, əldə olan məlumat əsasında yeni platformanın tikilib-tikilməyəcəyini müəyyənləşdirəcəyik. O yatağa yaxın yerdə mövcud infrastruktur varsa, texnologiyalar imkan verir ki, artıq onun işlənməsinə başlanılmasını sürətləndirək. Ona görə də ilk növbədə biz konsepsiya hazırlamalıyıq ki, hansı şəkildə hasilata başlayacağımızı müəyyənləşdirək”.
bp sözçüsünün sözlərinə görə, yeni sualtı infrastruktur yaratmağa ehtiyac olmadan “Qarabağ” yatağından hasil olunacaq neft və qaz müvafiq sualtı ixrac boru kəmərləri ilə Səngəçala ötürüləcək: “Düzdür, konsepsiya hazırlanması müəyyən vaxt aparacaq, amma hasilat tez olmalıdır. Çünki bu yataq “Azəri-Çıraq-Günəşli” yatağından 20-25 km məsafədə yerləşir. Bu o deməkdir ki, həmin yerdə quyu qazıldıqda, o quyu sualtı boru kəmərləri vasitəsilə asanlıqla “Azəri-Çıraq-Günəşli”dən olan sualtı neft ixrac boru kəmərlərinə birləşdiriləcək. Məlumdur ki, "Mərkəzi Azəri"dən Səngəçala birbaşa sualtı neft və qaz ixrac boru kəmərləri var. “Qarabağ” yatağında həm neft, həm də qaz kəşf olunduğundan onların hər biri qeyd etdiyim bu sualtı ixrac boru kəmərlərinə birləşdiriləcək. Yəni, yeni sualtı infrastruktur yaratmağa ehtiyac olmadan “Qarabağ” yatağından hasil olunacaq neft və qaz müvafiq sualtı ixrac boru kəmərləri ilə Səngəçala ötürüləcək”.
““Qarabağ” yatağı və “Əşrəfi - Dan Ulduzu – Aypara” (ADUA) sahəsinin operatoru olaraq, ilk işimiz işlənmə konsepsiyasını hazırlamaq və SOCAR-la razılaşdırmaqdır. Bundan sonra konsepsiya əsasında bp müvafiq tikinti işlərinə start verəcək və hasilata başlanılacaq.
Qiymətləndirmələrdən sonra hər iki layihənin dəyəri və potensialı ilə bağlı detalları ictimaiyyətə açıqlayacağıq”, - deyə T. Bayatılı fikirlərini yekunlaşıdırıb.