Bakı. Trend:
Hindistanda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 290 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə Hindistan mətbuatı yerli polis rəsmilərinə istinadən məlumat yayıb
Məlumata görə, ölənlərdən 241-i təyyarənin göyərtəsində, 50 nəfər isə hava gəmisinin çırpıldığı yataqxanada olanlardır.
xxx
17:32
Hindistanda “Air İndia” aviaşirkətinə aid Boeing 787 təyyarəsinin qəzaya uğradığı ərazidən artıq 204 nəfərin meyiti aşkarlanıb.
Trend xəbər verir ki, bu barədə Hindistan mətbuatı yerli polis rəsmilərinə istinadən məlumat yayıb.
xxx
14:46
Hindistanın qərbində qəzaya uğrayan təyyarə həkimlərin yataqxanasının yerləşdiyi binanın üzərinə düşüb.
Trend xəbər verir ki, yerli polis zabiti bu barədə jurnalistlər üçü təşkil olunan brifinqdə deyib.
“İlkin məlumata görə, Londona uçan “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayaraq həkimlərin qaldığı yataqxanaya çırpılıb. Təcili xidmət orqanlarının əməkdaşları 2-3 dəqiqə ərzində hadisə yerinə gəlib. Hazırda qəzanın baş verdiyi ərazidə axtarış xilasetmə əməliyyatı davam edir”, - deyə o bildirib.
“News18” telekanalının məlumatına görə, qəza zamanı ölənlərin sayı 133 nəfərə çatıb.
Qeyd edək ki, “Boeing 787 Dreamliner” təyyarəsi Hindistanın qərbindəki Əhmədabad hava limanından qalxdıqdan az sonra qəzaya uğrayıb. Londona uçan təyyarənin göyərtəsində 242 nəfər, o cümlədən iki pilot və 10 bələdçi olub. NDTV telekanalı qəzadan sağ çıxanların olduğu barədə məlumat yayıb. Həlak olanlar və yaralananlar barədə hələ ki rəsmi məlumat verilmir.
xxx
14:20
Hindistanın qərbində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 40 nəfər həlak olub.
Trend xəbər verir ki, bu barədə “News18” telekanalı məlumat yayıb.
Qəza nəticəsində ölənlər və xəsarət alanlar barədə hələlik rəsmi məlumat yoxdur.
Xatırladaq ki, Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Boeing 787 Dreamliner” sərnişin təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı Londona uçan təyyarənin göyərtəsində 242 sərnişin, o cümlədən iki pilot və 10 bələdçi olub.
NDTV telekanalı qəzada sağ qalanların olduğunu bildirir.
xxx
13:29
Hindistanda baş verən təyyarə qəzasında ölən və yaralılarla bağlı hələlik rəsmi məlumat yoxdur.
Trend Hindistan mətbuatına istinadla xəbər verir ki, qəzaya uğrayan geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarəsi təxminən 300 sərnişin tutumuna malik olub.
Xilasetmə işlərini həyata keçirmək üçün qəza yerinə çoxlu sayda yanğınsöndürən və təcili yardım maşınları göndərilib.
xxx
13:04
Hindistanın qərbində yerləşən Əhmədabad şəhərinin hava limanı yaxınlığında “Air India” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Trend xəbər verir ki, “News18” telekanalının məlumatına görə, Londona uçan AI-171 reysinin göyərtəsində 242 sərnişin olub.
Təyyarə havaya qalxdıqdan az sonra Meqaninaqar rayonunda yaşayış massivinə düşüb.
Şahidlərin sözlərinə görə, hazırda qəza yerindən qatı tüstü qalxır. Ölənlər və xəsarət alanlar barədə məlumat yoxdur.