Bakı. Trend:
2011-ci ildən bəri ilk dəfə olaraq planetdə qaçqınların sayı azalmağa başlasa da, ölkədaxili zorakılıq və münaqişələrlə əlaqədar yaşadıqları məskənləri tərk etməli olan məcburi köçkünlərin sayı artıb.
Trend xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yeni hesabatında deyilir.
Ötən il, 2011-ci ildə Avropa və qonşu ölkələrə, o cümlədən, Türkiyəyə kütləvi qaçqın axına səbəb olmuş Suriya vətəndaş müharibəsinin başlamasından bəri il dəfə olaraq qaçqın sayında azalma qeydə alınıb. Hesabaat görə, 2023-cü illə müqayisədə ötən il qaçqın sayının 559,3 min nəfərə qədər azalaraq ümumi sayın 36,8 milyona çatdığı deyilir.
Bundan başqa, 2024-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) 2002-ci ildən bəri ölkələrinə qayıdan qaçqınların rekord sayını — təxminən 1,6 milyon nəfəri qeydə alıb. Onların böyük əksəriyyəti, yəni 92%-i Suriya (512,7 min nəfər), Cənubi Sudan (404,7 min), Əfqanıstan (364,4 min) və Ukrayna (209,1 min) vətəndaşlarıdır.
Eyni zamanda, dünyada məcburi köçkünlərin ümumi sayı 2023-cü illə müqayisədə 6% artaraq 2024-cü ilin sonuna rekord həddə — 123,2 milyon nəfərə çatıb. Hesabatda qeyd olunur ki, Yer kürəsinin hər 67-ci sakini bu kateqoriyaya daxildir. Ümumi sayın üçdə birindən çoxunu sudanlılar (14,3 milyon), suriyalılar (13,5 milyon), əfqanlar (10,3 milyon) və ukraynalılar (8,8 milyon) təşkil edir.