Bakı. Trend:
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi İranın Natanz nüvə obyektinə son zərbələr nəticəsində ciddi ziyan dəydiyini təsdiqləyib.
Trend-in məlumatına görə, o, bu barədə BMT Baş Assambleyasındakı çıxışında danışıb.
Qrossi bildirib ki, hücum yalnız Natanz obyektinin yer üzərindəki hissəsini hədəf alıb. Xüsusilə, İranın uranı uran-235 izotopunun 60%-nə qədər zənginləşdirdiyi eksperimental yanacaq zənginləşdirmə zavodunun yerüstü hissəsi və onun enerji infrastrukturu, o cümlədən ilkin və fövqəladə enerji təchizatı ilə ehtiyat generatorlar məhv edilib.
Baş direktor vurğulayıb ki, yeraltı kaskad zalında fiziki zədələnmə əlamətləri müşahidə olunmayıb. Lakin elektrik enerjisinin kəsilməsi yerin altında yerləşən sentrifuqalara təsir göstərə bilər.
Qrossi həmçinin əlavə edib ki, zərbəyə baxmayaraq, obyektin ətrafında radiasiya səviyyəsi normal olaraq qalır və heç bir radioloji təsir müşahidə edilmir. Bu isə əhaliyə və ətraf mühitə heç bir təhlükənin olmadığını göstərir.