Bakı. Trend:
Suriyanın Əs-Süveyda vilayətində baş verən toqquşmalarla bağlı istintaq şəffaf şəkildə, qısa zamanda və beynəlxalq standartlara uyğun şəkildə aparılmalıdır.
Trend xəbər verir ki, bu çağırışla BMT baş katibinin Yaxın Şərq, Asiya və Sakit Okean regionu üzrə köməkçisi Məhəmməd Xalid Xiari Suriya hakimiyyətinə müraciət edib.
“Mən Suriya hakimiyyətini istintaqın şəffaflığını, beynəlxalq standartlara uyğunluğunu və mümkün qədər tez başa çatdırılmasını təmin etməyə çağırıram”, - deyə Xiari bildirib.
O, Əs-Süveyda bölgəsində baş verən toqquşmalar nəticəsində “Dəməşq təhlükəsizlik qüvvələrinin və druz döyüşçülərinin yüzlərlə nümayəndəsinin”, eləcə də mülki əhalinin – druzların və bədəvilərin, o cümlədən qadınlar, uşaqlar və yaşlıların həlak olduğunu xatırladıb.
Mülki şəxslər hələ də ciddi risklərlə üzləşirlər, Əs-Süveydada tibb müəssisələri öz imkanlarının son həddində fəaliyyət göstərir. Ticarət pozulub, zərərçəkmiş rayonlara çıxış təhdidlər və yolların bağlanması səbəbilə ciddi şəkildə məhdudlaşıb.