Bakı. Trend:
Yaponiyanın aparıcı ali təhsil ocaqlarından biri olan Vaseda Universiteti, bir neçə yerli şirkətlə birlikdə təbii fəlakətlər zamanı istifadə olunacaq insanabənzər robotların hazırlanması və istehsalı üzrə əməkdaşlığa başlayır.
Trend xəbər verir ki, bu barədə məlumatı "Kyodo" agentliyi yayıb.
Bildirilir ki, universitet "Murata", "Tmsuk" və "Sre Holdings" şirkətləri ilə birlikdə 3 metr hündürlüyündə və 300 kiloqram çəkidə olan robotlar hazırlayacaq.
Gələcəkdə bu robotlar 5 km/saat sürətlə hərəkət edə və 100 kiloqramdan artıq yük qaldıra biləcəklər. Onların əsas vəzifəsi Yaponiyada tez-tez baş verən zəlzələlər və digər təbii fəlakətlərdən sonra dağıntıların təmizlənməsi və xilasetmə əməliyyatlarında iştirak olacaq.
Layihənin test modelinin 2026-cı ilin sonuna qədər hazır olacağı, 2029-cu ildə isə kütləvi istehsalın başlanacağı planlaşdırılır.