Bakı. Trend:
Avropa İttifaqı (Aİ) yaxın vaxtlarda hava limanlarında sərnişinlərin əl yükündə maye daşıması ilə bağlı tətbiq olunan qaydalarda dəyişiklik edəcək.
Trend-in “Euronews”a istinadla verdiyi xəbərə görə, Avropa Komissiyası mayelərlə bağlı mövcud məhdudiyyətlərin yumşaldılması üzərində işləyir. Yeni qaydalara əsasən, əl yükündə daşınmasına icazə verilən mayelərin maksimum həcmi hazırkı 1 litrdən 2 litrədək artırılacaq.
Bundan əlavə, mayelərin yalnız 100 millilitrlik qablaşdırmalarda daşınması tələbi də ləğv ediləcək. Yeni qaydalar müasir texnologiyalarla – xüsusilə ən son nəsil skanerlərlə təchiz edilmiş hava limanlarında tətbiq olunacaq. Bu cihazlar maye partlayıcı maddələri daha dəqiq aşkar etmək qabiliyyətinə malikdir.
Hazırda belə avadanlıqlar artıq Roma, Milan və digər bir sıra Avropa hava limanlarında quraşdırılıb. Avropa İttifaqı yaxın zamanda bütün üzv ölkələrin hava limanlarında oxşar avadanlıqların istifadəyə verilməsini planlaşdırır.
Yeni qaydaların tətbiqi ilə hava limanlarında təhlükəsizlik prosedurlarının həm effektivliyi, həm də sərnişin rahatlığı baxımından əhəmiyyətli dərəcədə yaxşılaşacağı gözlənilir.