Bakı. Trend:
Səudiyyə Ərəbistanı “Yaşıl Səudiyyə” təşəbbüsü çərçivəsində 2030-cu ilədək ölkə ərazisində 100 milyon manqrov ağacının əkilməsini planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ölkənin Bitki Örtüyünün İnkişafı və Səhralaşmaya qarşı Mübarizə Mərkəzi məlumat yayıb. Məlumata əsasən, bu günədək artıq 52 milyon ting əkilib.
Manqrov meşələri özündə bir çox funksiyanı birləşdirən mühüm ekosistemlər sayılır. Onlar quşlar, balıqlar və digər dəniz canlıları üçün təbii yaşayış mühiti yaradaraq bioloji müxtəlifliyin qorunmasına və artırılmasına mühüm töhfə verir. Bu ağaclar karbon qazını effektiv şəkildə udmaq və saxlamaq qabiliyyəti ilə iqlim dəyişikliyi ilə mübarizədə də vacib rol oynayır.
Eyni zamanda, manqrov meşələri sahilyanı icmalar üçün iqtisadi baxımdan da əhəmiyyətlidir. Onlar qida dəyəri yüksək olan və bal verən çiçəklərlə yerli arıçılıq və kənd təsərrüfatına da dəstək verir.
Layihə çərçivəsində Səudiyyə Ərəbistanının Qırmızı dəniz və Körfəz sahillərində milyonlarla manqrov ağacının əkilməsi üçün müxtəlif təşəbbüs və ekoloji layihələr həyata keçirilir.