Bakı. Trend:
Avropanın müxtəlif ölkələrindən on mindən çox hotel “Booking.com” platformasını Avropa İttifaqının (Aİ) antiinhisar qanunvericiliyini pozmaqda ittiham edərək məhkəməyə vermək üçün birləşib.
Trend-in məlumatına görə, iddiaçı hotellər şirkəti qiymətləri süni şəkildə aşağı salmaqda və “ədalətsiz şərtlər” tətbiq etməkdə ittiham edirlər. Xüsusilə, digər satış kanalları vasitəsilə daha aşağı tariflərin təklif edilməsinə qoyulan qadağa vurğulanır.
İddia Amsterdam məhkəməsinə “Hotrec” sənaye təşkilatı və 30 milli hotel assosiasiyasının dəstəyi ilə “Hotel Claims Alliance” tərəfindən təqdim edilib. Hotellər 2004–2024-cü illər ərzində gördükləri ziyana görə kompensasiya tələb edirlər.
2024-cü ildə Aİ-nin Ədalət Məhkəməsi “Booking”in əsas şərtlərindən birinin rəqabət qaydalarını pozduğunu müəyyən etmişdi. Həmin il şirkət Aİ-nin “Rəqəmsal bazarlar haqqında” Qanununun qüvvəyə minməsindən sonra bu təcrübədən imtina edib.
“Hotrec”in araşdırmasına görə, “Booking Holdings” 2024-cü ildə Avropa onlayn bron bazarının 71 faizinə nəzarət edirdi. Hotel sənayesi nümayəndələri iddia edirlər ki, bu dominant mövqe şirkətə komissiya haqlarını 25 faizə qədər yüksəltməyə və hotellərin mənfəətini azaltmağa imkan verir.
“Booking.com” isə bildirib ki, iddianı hələ almayıb və baş verənləri hotel sənayesinin təşəbbüsü hesab edir. Ekspertlər prosesin illərlə davam edə biləcəyini proqnozlaşdırırlar.