Bakı. Trend:
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Anri Oxanaşvili istefa verib.
Trend-in məlumatına görə, o, Baş nazirin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib. Baş nazir İrakli Kobaxidze bildirib ki, regional vəziyyətin mürəkkəbliyi, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, eləcə də ölkənin təhlükəsizlik çağırışları analitik yanaşma tələb edir. Bu səbəbdən Oxanaşvili informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanması ilə məşğul olacaq.
Baş nazir həmçinin açıqlayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze rəhbərlik edəcək.
“M.Mdinaradzenin hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli təcrübəsi var ki, bu da Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri üçün olduqca vacibdir”, – deyə Kobaxidze vurğulayıb.
Mdinaradzenin namizədliyi yaxın günlərdə parlamentin müzakirəsinə təqdim olunacaq və baş nazir onun dəstək qazanacağına əmin olduğunu qeyd edib.
XXX
18:17
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Anri Oxanaşvili istefa verib.
Trend-in yerli KİV-ə istinadən verdiyi xəbərə görə, Oxanaşvili bu addımı Baş nazir İrakli Kobaxidze ilə aparılan məsləhətləşmələrdən sonra atdığını bildirib.
