Bakı. Trend:
Koreya Respublikasının Prezidenti Li Çje Myon və Yaponiyanın Baş naziri Şiqeru İşiba ABŞ-la ortaq müttəfiqlik əsasında ikitərəfli əlaqələrin və əməkdaşlığın gücləndirilməsini, həmçinin KXDR-in tam nüvəsizləşdirilməsini dəstəklədiklərini açıqlayıblar.
Trend-in məlumatına görə, bu barədə onlar Tokiodakı Yaponiyanın Baş nazirinin iqamətgahında keçirilən ikitərəfli danışıqlardan sonra jurnalistlərə bildiriblər.
Baş nazir İşiba vurğulayıb ki, “dünyada mövcud olan çətin vəziyyətdə münasibətlərimizin sabit inkişafı hər iki ölkənin maraqlarına cavab verir və bütün region üçün faydalıdır. Bu şəraitdə Yaponiya, Koreya Respublikası və ABŞ arasında əməkdaşlığın gücləndirilməsi son dərəcə vacibdir.” O həmçinin Tokio və Seul arasında strateji dialoqun və KXDR-in “tam nüvəsizləşdirilməsinin” tərəfdarı olduğunu qeyd edib.
Koreya Respublikasının Prezidenti Li Çje Myon isə iki ölkə arasında sarsılmaz münasibətlərin qurulmasının, KXDR-in nüvəsizləşdirilməsinin və ABŞ ilə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, tərəflər yüksək səviyyəli səfər mübadiləsini bərpa etməyi planlaşdırır və ümumi sosial problemlərin, o cümlədən əhalinin qocalması və aşağı doğum səviyyəsinin həlli istiqamətində əməkdaşlıq edəcəklər.
Qeyd edək ki, Li Çje Myon bu il iki ölkə arasında diplomatik əlaqələrin 60-cı ildönümünü qeyd edib və vəzifəyə gəldikdən sonra ilk rəsmi səfərini Tokioda edib. Tokiodan sonra prezident ABŞ-yə səfər edəcək və orada prezident Donald Trampla görüşəcək.