Bakı. Trend:
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı Londonda sentyabrın 6-da “Palestine Action” qrupunun qadağan edilməsinə qarşı keçirilən etiraz aksiyasında saxlanılanların sayı 890 nəfərə yüksəlib.
Trend BBC-yə istinadla xəbər verir ki, Metropoliten Polisinin açıqlamasına görə, saxlanılanlardan 857 nəfər terrorçuluq haqqında qanuna əsasən qadağan olunmuş təşkilatı dəstəklədiklərinə görə, 33 nəfər isə digər səbəblərə, o cümlədən 17 nəfər polisə hücum ittihamı ilə həbs olunub.
Təşkilatçılar isə polisin zorakılıq barədə iddialarını rədd ediblər.
Xatırladaq ki, Britaniya hökuməti “Palestine Action” təşkilatını iyul ayında antiterror qanunvericiliyi çərçivəsində qadağan edib. Qrupa üzv olmaq və ya ona dəstək göstərmək cinayət sayılır və 14 ilədək həbs cəzası nəzərdə tutulur. Qadağa qərarı təşkilat üzvlərinin ilin əvvəlində RAF hərbi bazasına daxil olaraq iki hərbi təyyarəyə ziyan vurmasından sonra qəbul olunub.