Bakı. Trend:
Araz dəhlizi üzrə İranda magistral yolun tikintisinin başa çatdırılmasına 140 trilyon rial (təxminən 241 milyon dollar) vəsait lazımdır.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini Huşəng Bazvənd bu gün (18 sentyabr) İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Araz Azad Ticarət Zonasında İran parlamentinin sivil komitəsinin iclasında deyib.
Onun sözlrəinə görə, Araz dəhlizi üzrə sərhədboyu magistral yolun uzunluğu 107 kilometrdir. Onun 58 kilometri Naxçıvanla paralel sərhəd, 47 kilometri isə Ermənistanla paralel sərhəddədir.
Bazvənd deyib ki, ümumilikdə magistral yolun tikintisində fiziki işlər təxminən 30% başa çatdırılıb.
Nazir müavini qeyd edib ki, bu yolun tikintisinin başa çatdırılması üçün İranın diqqət mərkəzində saxladığı layihələrdən biridir.
Qeyd edək ki, İran Araz Dəhlizinə önəmli proyektlərdən biri kimi yanaşır. İranın qənaətincə, Azərbaycanın Şərqi Zəngəzur rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və İran ərazisindən keçən Araz Dəhlizi bölgədə iqtisadi inkişafa öz töhfəsini verəcək.
Bununla əlaqədar Araz çayı üzərində Kəlalə-Ağbənd avtomobil körpüsünün gələn ilin yanvar-fevral aylarında (21 yanvar-19 fevral 2026) istifadəyə verilməsi nəzərdə tutulub.