Bakı. Trend:
Antarktida buzlaqlarının dərinliklərində alimlər 85 yeni gizli göl aşkarlayıblar. Bununla da qitədə məlum olan aktiv göllərin sayı 231-ə çatıb.
Trend xəbər verir ki, bu barədə PHYS.org məlumat yayıb. Bildirilib ki, kəşf Avropa Kosmik Agentliyinin "CryoSat" peykindən 10 il ərzində toplanmış məlumatlar əsasında mümkün olub.
Alimlər buzlaqların qalxıb-enmə hərəkətlərini izləyərək göllərin dolub-boşalma proseslərini müşahidə ediblər.
Tədqiqat nəticələri göstərib ki, Antarktidanın su sistemi əvvəllər güman olunandan daha dinamikdir. Bu göllərin fəaliyyəti buzlaqların hərəkətinə, okean dövriyyəsinə və hətta dünya okeanının səviyyəsinə təsir göstərə bilər.
Mütəxəssislər qeyd edirlər ki, belə müşahidələr iqlim modellərində buzlaqların gələcək sabitliyini proqnozlaşdırmaq üçün mühüm əhəmiyyət daşıyır.