Bakı. Trend:
Fransa ilk dəfə olaraq nüvə başlığı ilə təchiz olunan təkmilləşdirilmiş ASMPA‑R havadan buraxılan qanadlı raketini nümayiş etdirib.
Trend xəbər verir ki, raketin sınaqları ölkənin dəniz nüvə aviasiyası tərəfindən həyata keçirilib.
“Rafale M” qırıcı təyyarəsi “Dimede” əməliyyatı çərçivəsində döyüş başlığı daşımayan raketin sınaq buraxılışını yerinə yetirib. Fransa Silahlı Qüvvələri Nazirliyi raketin təyyarənin gövdəsinin altına inteqrasiya olunduğunu göstərən fotoşəkillər yayıb.
Nazirlik bildirib ki, ASMPA‑R rəsmi olaraq 10 noyabr tarixindən etibarən Fransa Hərbi Dəniz Qüvvələrinin nüvə aviasiyasının silahlanmasına daxil edilib. Bundan əlavə, 2023‑cü ildən bəri raket ölkənin Aerokosmik Qüvvələrinin tərkibinə daxil olan strateji hava qüvvələri tərəfindən də istifadə olunur.
Məlumata görə, ASMPA‑R uçuş məsafəsinə görə əvvəlki ASMP‑A versiyasını üstələyir: yeni raketin mənzili təxminən 600 km, əvvəlki modelin isə 500 km-dir. Raketin maksimal sürəti isə Max 3-ə çatır.
Qeyd edilir ki, raket yenilənmiş nüvə başlığı ilə təchiz edilə bilər. Bununla belə, bəzi mənbələr əvvəlki TNA variantının 100–300 kiloton gücündə tənzimlənə bilən nüvə başlığı ilə istifadəsinin mümkün olduğunu bildirirlər.
