Bakı. Trend:
Finlandiya şirkəti Nokia qlobal xərclərin azaldılması proqramı çərçivəsində 2026-cı ilə qədər Almaniyada 300 iş yerini ləğv etməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə "Süddeutsche Zeitung" qəzeti məlumat yayıb.
Şirkət həmçinin 2030-cu ilə qədər Münhen ofisini bağlamağı planlaşdırır ki, bu da 500-dən çox əlavə iş yerinə təsir göstərəcək. IG Metall həmkarlar ittifaqının Münhen filialının idarəedici direktoru Daniele Friggia bildirib ki, belə bir addım xüsusilə geosiyasi çətinliklər dövründə fəlakətli siqnaldır. Hazırda Nokia Almaniyada təxminən 2,500 nəfəri işlə təmin edir.
Şirkət nümayəndəsi açıqlamasında bildirib ki, qlobal lokallaşdırma strategiyası çərçivəsində əsas dayanıqlılıq mərkəzlərinə investisiyalar yönəldiləcək, eyni zamanda Ulm, Ştutqart, Bonn və Düsseldorfdakı istehsal mərkəzlərində fəaliyyət davam etdiriləcək.
Qeyd olunur ki, 2023-cü ildə Nokia qlobal miqyasda növbəti bir neçə il ərzində 14,000 iş yerini ixtisar etməyi planlaşdırıb və gözlənilən xərc qənaəti 800 milyon avrodan 1,2 milyard avroya qədər olacaq.
