...

Honkonqda yaşayış kompleksindəki yanğında ölənlərin sayı 94-ə çatıb (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 28 Noyabr 2025 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Honkonq xüsusi inzibati ərazisində yerləşən yaşayış kompleksində baş vermiş güclü yanğında həyatını itirənlərin sayı 94-ə yüksəlib.

Trend Sinxua agentliyinə istinadla xəbər verir ki, hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Əraziyə 300-dən çox yanğınsöndürmə və xilasetmə avtomobili, həmçinin 1200-dən çox yanğınsöndürən cəlb edilib.

Qeyd edək ki, noyabrın 26-da günorta saatlarında dünyanın ən sıx məskunlaşan və ən çox hündür binaların yerləşdiyi şəhərlərdən olan Honkonqun Tay Po rayonundakı 8 binadan və təxminən 2 min mənzildən ibarət yaşayış kompleksində yanğın başlayıb. Yanğının binaların üzlüyünün yenilənməsi üçün istifadə olunan bambuk ayaqaltılarında başladığı və güclü küləyin təsiri ilə sürətlə yayıldığı bildirilib.

Hadisə nəticəsində Honkonqun sığorta sektorunun rekord məbləğdə – 2,6 milyard Honkonq dolları (334 milyon dollar) dəyərində iddialarla üzləşəcəyi gözlənilir. Yanğın yeddi binaya ciddi ziyan vurub.

xxx

21:15

Honq-Konqun Tay Po rayonundakı yaşayış kompleksində baş verən iri miqyaslı yanğın nəticəsində həlak olanların sayı 83-ə yüksəlib. Ölənlər arasında bir yanğınsöndürən də var.

Trend xəbər verir ki, məlumatı "South China Morning Post" yayıb.

Hadisə yerində tammiqyaslı xilasetmə əməliyyatları davam etdirilir. Qeyd olunur ki, kompleksdəki səkkiz yaşayış blokunda 2024-cü ilin iyul ayından təmir işləri aparılırdı. Hakimiyyət orqanları təmirdə istifadə olunan tez alışan penopolistirol materialının yanğının sürətlə yayılmasına səbəb olduğunu bildirir.

Bundan əlavə, xilasetmə əməliyyatları zamanı yanğınsöndürənlər binanın mərtəbələrindən birinin pilləkənlərində sağ qalan bir şəxsi xilas ediblər.

Xəbər lenti

Xəbər lenti