Bakı. Trend:
Bundestaqın bugünkü iclasında Almaniyanın miqrasiya siyasəti ilə bağlı qanuna bir sıra mühüm dəyişikliklər təsdiqlənib.
Trend xəbər verir ki, qəbul edilmiş düzəlişlər hökumətin miqrasiya siyasətini daha da sərtləşdirir.
Yeni qaydalara əsasən, hökumət bundan sonra Bundesratın təsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimi təsnif edə biləcək. Bu isə həmin ölkələrdən gələn şəxslərin deportasiyasını xeyli asanlaşdıracaq. Addımın məqsədi əsassız sığınacaq müraciətlərinin qarşısını almaq və Miqrasiya və Qaçqınlar İdarəsində (BAMF) prosedurları sürətləndirməkdir.
Dəyişikliyə uyğun olaraq, təhlükəsiz mənşə ölkələrindən gələnlərin sığınacaq ərizələri daha çox “açıq-aşkar əsassız” kimi qiymətləndiriləcək.
Qanun layihəsinə hökumət koalisiyasındakı partiyalarla yanaşı, Almaniya üçün Alternativ Partiyası (AfD) də dəstək verib. Yaşıllar və Sol partiya isə dəyişikliklərə qarşı çıxıb. Eyni paket çərçivəsində deportasiya edilə biləcək şəxslərə dövlət hesabına vəkil təyin edilməsi hüququnun ləğvi də nəzərdə tutulur. Bundan başqa, vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verən şəxslər üçün on illik qadağa tətbiq olunacaq.
