Bakı. Trend:
Boliviyanın Santa Kruz departamentində baş verən güclü daşqınlar nəticəsində azı 20 nəfər həyatını itirib, eyni sayda insan itkin düşüb.
Trend xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Alfredo Troşe məlumat verib.
Onun sözlərinə görə, hazırda 20-dən çox insan itkin hesab olunur və suyun səviyyəsi azaldıqca, xilasedicilərin axtarış işlərini davam etdirməsi fonunda ölənlərin sayının arta biləcəyi istisna olunmur. Troşe bu barədə Boliviya televiziyasında çıxışı zamanı bildirib.
Departament rəhbərliyi Santa Kruz bölgəsini fəlakət zonası elan edib. Daşqınlardan ən çox El Torno bələdiyyəsi zərər çəkib. Hakimiyyət orqanlarının məlumatına əsasən, təbii fəlakət nəticəsində 600-dən çox ailə zərər görüb.
Qeyd edək ki, dekabrın 13-də Santa Kruz departamentində güclü yağışlar yağıb və bu, bölgədəki bir neçə çayın məcrasından çıxmasına səbəb olub.
