Bakı. Trend:
İsveçrənin Vallis kantonunda yerləşən məşhur Krans-Montana xizək mərkəzində partlayış nəticəsində onlarla insan həlak olub, çox sayda şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Trend xəbər verir ki, hadisə yanvarın 1-də səhər saatlarında "Constellation Bar" adlı məkanda baş verib. Polisin yaydığı məlumata görə, səbəbi hələ məlum olmayan partlayış nəticəsində güclü yanğın başlayıb. Yüzdən artıq insanın Yeni ili bayram etdiyi məkanda baş vermiş hadisə ilə əlaqədar xilasetmə xidmətləri və helikopterlər əraziyə cəlb olunub, yaxınları barədə məlumat almaq istəyənlər üçün qaynar xətt yaradılıb.
İsveçrənin ən tanınmış dağ-xizək mərkəzləri sırasında yer alan Krans-Montanaya qış mövsümündə hər il çox sayda turist axın edir. Buna görə də baş vermiş hadisə yerli və xarici mətbuatın diqqət mərkəzindədir.
Günorta saatlarında polis və digər orqanlar hadisə ilə bağlı geniş mətbuat konfransı keçirəcəklər.