Bakı. Trend:
Avropa Birliyi və Cənubi Amerika Ortaq Bazarı (MERCOSUR) yanvarın 17-də Paraqvayda azad ticarət sazişi imzalayacaqlar.
Trend xəbər verir ki, bu barədə Argentinanın xarici işlər naziri Pablo Kirno “X” sosial şəbəkə hesabında paylaşım edib.
Nazir qeyd edib ki, 30 illik danışıqlardan sonra iki blok arasında tarixi və ən iddialı müqavilə imzalanacaq.
Xatırladaq ki, daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Avropa Şurasının prezidenti António Kosta Aİ ölkələrinin MERCOSUR ilə azad ticarət sazişinin imzalanmasını dəstəklədiklərini, lakin Avropadakı fermerlərin bu qərara etiraz etdiklərini bildirmişdilər.
Qeyd edək ki, MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvay tərəfindən yaradılmış Cənubi Amerikanın ən böyük ticarət-iqtisadi blokudur. Bloka üzv ölkələrin ümumi ərazisi Cənubi Amerikanın quru sahəsinin 70 faizindən çoxunu əhatə edir, əhalisi isə 295 milyon nəfərdir.
