Bakı. Trend:
ABŞ-nin az qala yarısında son dərəcədə güclü qar çovğunu gözlənilir. Artıq 16 ştatda, o cümlədən paytaxt Vaşinqtonda fövqəladə vəziyyət elan edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Ştatlar ərazisində həftəsonuna nəzərdə tutulan ümumilikdə 8 mindən çox uçuş təxirə salınıb.
Qar çovğunun elektrik təchizatında ciddi problemlərə və gündəlik tələbat məhsullarının müvəqqəti qıtlığına səbəb ola biləcəyi ehtimal edilir.
Bir hissəsi Böyük Düzənliklərdə (Great Plains) formalaşan soyuq hava kütlələri cənub və mərkəzi-qərbi bölgələrə qədər olan ərazilərə şaxtalı-qarla hava gətirəcək.
Əlverişsiz havanın azı 230 milyon sakinin yaşayışına təsir edəcəyi bildirilir.
Ştat qubernatorları əvvəlcədən fövqəladə vəziyyət elan edərək ölümcül təhlükə barədə xəbərdarlıq ediblər, eyni zamanda mövcud şəraitlə mübarizə aparmaq üçün maliyyə ehtiyatlarının sərbəst istifadəsinə imkan yaradıblar.
Ötən gün ABŞ-nin cənubunda yerləşən Texas, Luiziana, Missisipi, Alabama, Corciya, Cənubi Karolina və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan olunub.
