Bakı. Trend:
Türkiyənin 19 vilayətində onlayn cinayətlərlə, o cümlədən qanunsuz mərc oyunlarının təşviqi, onlayn dələduzluq ilə məşğul olan dəstələrə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikayanın “X” səhifəsinə istinadən xəbər verir.
Əməliyyat-axtarış tədbirləri Adana, Adıyaman, Aydın, Bolu, Çanaqqala, Denizli, Düzcə, Qaziantep, Giresun, Gümüşhane, İstanbul, İzmir, Kayseri, Kırşehir, Kocaeli, Mardin, Sakarya, Samsun və Van vilayətlərində keçirilib.
Nazirin bildirdiyinə görə, əməliyyatların gedişində 200 nəfər şübhəli şəxs qismində saxlanılıb, onlardan 65-i barəsində həbs qərarı verilib, 48-i yazılı iltizamnamənin alınmasından sonra şərti olaraq sərbəst buraxılıb.
Müəyyən edilib ki, şübhəlilər sosial media platformaları və fişinq (phishing) saytları vasitəsilə “tapşırıq yerinə yetir, qazanc əldə et” və “məhsul satışı” mövzularından istifadə edərək vətəndaşları aldadıblar; mobil bankçılıq və oyun hesablarına icazəsiz giriş əldə ediblər; qanunsuz mərc və qumar oynadıblar; qanunsuz mərc saytlarında pul köçürülməsinə vasitəçilik edib onların reklamını aparıblar; uşaq pornoqrafik materialları saxlayıblar; POS vasitəsilə sələmçilik fəaliyyəti ilə məşğul olublar; şəxsi məlumatların paylaşılması və sorğulanması ilə bağlı paylaşımlar ediblər.
