Bakı. Trend:
Kuba ciddi yanacaq çatışmazlığı yaşayır və təchizatın tam dayanması adanın infrastrukturu üçün fəlakətli nəticələrə səbəb ola bilər.
Trend xəbər verir ki, bu barədə “The Guardian” nəşri yazıb.
“Kpler” analitik şirkətinin məlumatlarına görə, bu il Kubaya yalnız bir neft partiyası daxil olub – Meksikadan 84,9 min barel. Cari ehtiyatlar nəzərə alındıqda, əlavə tankerlər gəlməzsə, ölkədə yanacaq ehtiyatları növbəti üç həftə ərzində tükənə bilər.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksikanın Kubaya neft tədarükünü dayandırdığını bəyan edib.
Texas Universitetinin enerji üzrə eksperti Xorxe Pinyon bildirib ki, dizel yanacağı çatışmazlığının nəticələri Kuba üçün fəlakətli ola bilər. Onun sözlərinə görə, dizel yanacağı sərnişin və kommersiya nəqliyyatında, dəmir yollarında, kənd təsərrüfatında, sənayedə, su təchizatında və şəkər qamışı istehsalında geniş istifadə olunur.
