Bakı. Trend:
"Türk Hava Yolları" (Turkish Airlines) şirkətinə məxsus Katmandu-İstanbul marşrutu ilə uçan sərnişin təyyarəsi Hindistanın Qərbi Benqal əyalətinin beynəlxalq aeroportunda təcili eniş edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Yerli aerport rəsmilərinin bildirdiyinə görə, təcili enişə səbəb təyyarədə sağ mühərrikin alışması ilə bağlı siqnalın daxil olmasıdır.
Təyyarənin göyərtəsində 236 sərnişin və 11 ekipaj üzvü olub.
"Sağ mühərrikin alışması barədə xəbərdarlıq siqnalı qalxışdan qısa müddət sonra işə düşüb. Pilot dərhal sağ mühərriki söndürüb.
Katmanduya qayıtmaq əvəzinə, təyyarə saat 14:50-də (Bakı vaxtı ilə 13:20) Kəlküttə hava limanına enib. Sərnişinlər və ekipaj bortu tərk etdikdən sonra yoxlama aparılması üçün təhlükəsiz zonaya çəkiliblər", - deyə hava limanının nümayəndəsi bildirib.
