Bakı. Trend:
İndoneziyada dünyanın ən uzun ilanı tapılıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Ginnesin Rekordlar Kitabı rəsmi olaraq Maros bölgəsində aşkar edilən nəhəng torlu pitonun indiyədək rəsmi ölçülmədən keçmiş ən uzun vəhşi ilan olduğunu təsdiqləyib.
Təşkilatın açıqlamasına görə, təqdim olunan sübutlar yoxlanıldıqdan sonra torlu pitonun dişi fərdinin uzunluğunun 7,2 metr olduğu müəyyən edilib. Hazırda ilan indoneziyalı təbiət mühafizəçisi Budi Purvanto, lisenziyalı ilan təlimçisi Dias Nuqrahi və vəhşi təbiət fotoqrafı Radu Frentiunun nəzarətində saxlanılır.
Nuqrahi və Frentiunun sözlərinə görə, yerli sakinlərin qeyri-adi dərəcədə iri pitonun görünməsi ilə bağlı məlumatlarından sonra onlar ilanı axtarmağa başlayıblar. İlana İbu Baron adı verilib ki, bu da tərcümədə “Baronessa” deməkdir.
