Bakı. Trend:
Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Kaya Kallas Rusiya ilə müharibə şəraitində Ukraynada seçkilərin keçirilməsini pis qərar kimi dəyərləndirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında dərc olunan məlumatda qeyd edilir.
Onun sözlərinə görə, əksər Avropa ölkələrinin konstitusiyalarında ölkənin hər hansı hərbi münaqişəyə cəlb olunduğu vaxt seçkilərin keçirilməsinin qadağan edilməsi ilə bağlı müddəa mövcuddur. Bu, onunla izah olunur ki, seçkilər ölkə daxilində müxtəlif siyasi qüvvələr arasında mübarizə deməkdir.
“Xarici hücumlar davam etdiyi bir vaxtda seçkilər keçirmək mümkün deyil, çünki düşmən kənardadır və bütün səylər ona qarşı mübarizəyə yönəldilməlidir. Məhz buna görə də mənim fikrimcə, müharibə zamanı seçkilərin keçirilməsi qətiyyən düzgün qərar deyil”, – deyə Kallas əlavə edib.
