Bakı. Trend:
Portuqaliya Parlamenti 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial mediaya giriş məhdudiyyətlərinin tətbiqi istiqamətində ilk addımı atıb.
Trend xəbər verir ki, bu barədə "EFE" agentliyi məlumat yayıb.
Məlumata görə, deputatlar hakim Sosial Demokrat Partiyası tərəfindən təqdim edilən qanun layihəsini təsdiqləyiblər. Təşəbbüs sosial mediaya müstəqil giriş üçün minimum yaş həddinin 13-dən 16-ya qaldırılmasını nəzərdə tutur.
Bu yaşdan kiçik istifadəçilər üçün valideynlərin razılığı tələb olunacaq. Layihə potensial düzəlişlərin nəzərdən keçirilməsi üçün parlament komitəsinə göndəriləcək, daha sonra isə yekun səsvermə üçün plenar iclasa çıxarılacaq.
Təşəbbüsə əsasən, qanuna əməl etməyən sosial media platformalarına sahib şirkətlər üçün 2 milyon avroyadək cərimə tətbiq oluna bilər. Fiziki şəxslər üçün isə cərimələrin məbləği 10.000 avrodan 250.000 avroya qədər dəyişə bilər.
