Bakı. Trend:
Yeni araşdırmalara əsasən, aralıqlı oruc tutmaq arıqlamaq baxımından ənənəvi pəhrizlərdən daha effektiv deyil, hətta pəhriz saxlamamaqdan fərqlənmir.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Beynəlxalq elmi jurnalda dərc edilmiş rəsmi məlumatlara görə, tədqiqatçılar 22 beynəlxalq araşdırmanın nəticələrini təhlil edərək müəyyən ediblər ki, artıq çəki və ya piylənmə problemi yaşayan şəxslər məşhur "5:2 pəhrizi" kimi oruc rejimlərinə əməl etdikdə, əldə olunan çəki itkisi ənənəvi pəhriz tövsiyələrinə riayət edənlərlə demək olar ki, eyni olur.
Qeyd olunur ki, bu yanaşma pəhriz saxlamamaqdan demək olar ki, fərqlənmir. Belə ki, aralıqlı oruc tutan insanlar orta hesabla bədən çəkilərinin cəmi 3 faizini itirirlər. Halbuki həkimlər klinik baxımdan əhəmiyyətli nəticə üçün minimum 5 faizlik çəki azalmasını zəruri hesab edirlər. Araşdırmaların hamısı qısamüddətli olub və maksimum 12 ay ərzində müşahidələr aparılıb.
Tədqiqatçılar arıqlama baxımından minimal fərqlərdən başqa, aralıqlı orucun həyat keyfiyyətini digər pəhriz növlərindən daha çox yaxşılaşdırdığına dair heç bir güclü elmi sübut tapmayıblar.
Qeyd edək ki, aralıqlı oruc yeməklərin müəyyən saatlarla məhdudlaşdırılması və ya həftənin bəzi günlərində qida qəbulundan imtina edilməsi son illər arıqlama, fiziki və idrak sağlamlığının yaxşılaşması, hətta qocalmanın ləngiməsi kimi iddialar fonunda geniş yayılıb.
