Bakı. Trend:
Avropa İttifaqı Xarici İşlər Nazirlərinin zirvə toplantısında bu gün Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketi müzakirəyə çıxarılacaq. Lakin hələ ki, bu məsələdə uğurun əldə olunacağını gözləməyə dəyməz.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
“Əlbəttə ki, 20-ci sanksiyalar paketi ilə bağlı diskussiyamız olacaq, amma hesab edirəm ki, bu gün bu məsələdə hər hansı uğur olmayacaq. Bununla belə, biz şübhəsiz ki, səylərimizi davam etdirəcəyik”, - Aİ ali diplomatı Aİ zirvə toplantısı ərəfəsində jurnalistlərə deyib.
Onun sözlərinə görə, nazirlər eyni zamanda, Ukrayna münaqişəsinin nizamlanması kontekstində Rusiya ilə hansı istiqamətlərdə danışıqların aparılmalı olduğuna dair müzakirələr aparacaqlar. Gündəlikdə olan daha bir mövzu isə Ukraynaya Aİ tərəfindən 90 milyard avroluq kreditin ayrılması məsələsi olacaq.
Qeyd edək ki, fevralın altısında Avropa Komissiyası Rusiyaya qarşı sayca 20-ci sanksiyalar paketinin layihəsini təqdim edib. Məhdudlaşdırıcı ölçülər siyahısı enerji, maliyyə xidmətləri və ticarət sahələrini ehtiva edir.
