Britaniyada İran müharibəsinin fəsadları ilə bağlı fövqəladə iclas keçiriləcək

Dünya xəbərləri Materials 27 Aprel 2026 14:30 (UTC +04:00)
Britaniyada İran müharibəsinin fəsadları ilə bağlı fövqəladə iclas keçiriləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer aprelin 28-də İran müharibəsinin fəsadlarının ölkədə yaşayış xərclərinə təsiri ilə bağlı “Kobra” fövqəladə hökumət komitəsinin iclasını keçirəcək.

Trend xarici mediaya istinadən xəbər verir ki, bunu britaniyalı hökumət başçısı pərakəndə ticarət, anbar logistikası, distribusiya və xidmət sahələrində çalışanları birləşdirən USDAW həmkarlar ittifaqının üzvləri qarşısında çıxışı zamanı bildirib.

“Sabah mən İran müharibəsinin fəsadlarına həsr olunmuş “Kobra” iclasına rəhbərlik edəcəyəm. İclasda İngiltərə Bankının nümayəndələri də iştirak edəcək ki, siz əmin olasınız: bu böhran dövründə biz çalışan insanları dəstəkləyəcəyik”, – Starmer qeyd edib.

Onun sözlərinə görə, İran müharibəsinin iqtisadi təsirləri müəyyən müddət ərzində artıq hiss oluna bilər. Starmer buna misal olaraq ölkədə hər bir yanacaqdoldurma məntəqəsində avtomobil yanacağının qiymətlərinin rekord sürətlə artmasını göstərib.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti